Dərnəyimizin İdarə Heyətinin üzvü Mehdi Gəncəlinin iştirakı ilə “Azərbaycan” qəzetinin XIV cildi nəşr olunub

Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan və müstəqillik tariximizin ən parlaq səhifələrini özündə əks etdirən “Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə çap olunmuş tam külliyyatının daha bir cildi oxucuların ixtiyarına verilib.

Böyük fəxrlə qeyd edirik ki, tariximizin və milli yaddaşımızın bərpası baxımından müstəsna əhəmiyyət daşıyan bu layihədə Dərnəyimizin İdarə Heyətinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəlinin böyük əməyi var. Qəzetin mətnlərinin ərəb əlifbasından müasir latın qrafikasına çevrilməsini (transliterasiyasını) Mehdi Gəncəli və filoloq Azad Ağaoğlu həyata keçirib. Kitabın elmi redaktoru isə akademik Teymur Kərimlidir.

ADA Universitetinin təşəbbüsü və dəstəyi (ideya müəllifi rektor Hafiz Paşayev) ilə işıq üzü görən XIV cild dövrün ictimai-siyasi və mədəni həyatını dərindən öyrənmək üçün əvəzsiz mənbədir. Topluda hökumət əmrləri, Azərbaycan Parlamentindəki müzakirələr, xarici mətbuat xülasələri və bədii ədəbiyyat nümunələri ilə yanaşı, o dövrdə regionda baş verən mürəkkəb siyasi prosesləri, erməni separatizmini və “Qonşuluq” siyasətini əks etdirən çox mühüm sənədlər yer alır. Nəşrdəki materiallar göstərir ki, əsrin əvvəllərindəki Azərbaycanda baş verən hadisələrlə bugünkü proseslər arasında dərin oxşarlıqlar və paralellər mövcuddur.

Qeyd edək ki, ümumilikdə 443 nömrədən ibarət qəzetin tam külliyyatının 20 cilddə çapı nəzərdə tutulur.

Tarixi mirasımızın qorunması və gələcək nəsillərə daha anlaşıqlı formada ötürülməsi işində göstərdiyi bu fədakar xidmətə görə Dərnəyimizin İdarə Heyətinin üzvü Mehdi Gəncəlini təbrik edir, ona gələcək elmi-tədqiqat fəaliyyətində uğurlar diləyirik!