Akademik nüfuzun və elmi zəhmətin ünvanı

Elmə və mənəviyyata həsr olunmuş ömür: Dərnəyimizin Bakı təmsilçisi, professor Arif Səlimovun 70 yaşı tamam olur

Bəzən bir insanın ömür yolu yalnız onun yaşadığı illərlə deyil, bütöv bir elmi məktəbin, mənəvi düşüncənin və əsl ziyalı obrazının simvolu ilə ölçülür. Müasir diferensial həndəsənin inkişafına mühüm töhfələr vermiş, dünya miqyasında tanınan görkəmli riyaziyyatçı alim, Dərnəyimizin dəyərli üzvü və Bakı təmsilçisi professor Arif Səlimovun ömür yolu da məhz belə şərəfli talelərdəndir. Bu günlərdə böyük alimin 70 illik yubileyi qeyd olunur.

Dərnəyimiz bu əlamətdar gün münasibətilə dəyərli təmsilçimizlə qürur duyur və onun zəngin həyat və fəaliyyət yoluna qısa nəzər salır.

Ağsudan başlayan və dünyaya uzanan elmi yol

Arif Səlimovun elmə gedən yolu Ağsunun sadə məktəb mühitindən, riyaziyyata olan tükənməz marağından başlayıb. Uşaqlıq illərində qonşusu və qohumu Hüseyn müəllimin, daha sonra isə məktəbdəki müəllimlərinin dəstəyi ilə kəşf edilən bu istedad, onu Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsinə, oradan isə həndəsənin “Məkkəsi” sayılan Kazanın elmi mühitinə aparıb.

Kazan Dövlət Universitetində aspirantura təhsili alaraq görkəmli həndəsə professoru V. Vişnevskinin rəhbərliyi altında fəaliyyət göstərən gənc tədqiqatçı 1984-cü ildə namizədlik, 1998-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edərək həndəsə elmində öz dəst-xəttini formalaşdırıb. Onun elmi rəhbəri ilə münasibətləri sadəcə müəllim-tələbə çərçivəsini aşaraq, dərin mənəvi bağlılığa və sarsılmaz ehtirama çevrilmişdi.

Türk dünyasının və qlobal riyaziyyat elminin zirvəsində

Ağsudan başlayan bu şərəfli yol daha sonra Türkiyənin nüfuzlu universitetlərinə uzandı. Uzun illər Türkiyənin Atatürk Universitetində həm pedaqoji, həm də elmi fəaliyyətlə məşğul olan Arif müəllim onlarla fəlsəfə doktoru yetişdirərək Türkiyə həndəsə məktəbinin inkişafında müstəsna rol oynamışdır. O, bu gün diferensial həndəsə sahəsində Türk dünyasının ən tanınmış və istinad edilən alimlərindən biridir.

2017-ci ildən Bakı Dövlət Universitetinin “Cəbr və həndəsə” kafedrasına rəhbərlik edən professor Səlimov bu gün də gənc alimlərin yetişdirilməsi və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi istiqamətində yorulmadan çalışır. Eyni zamanda o, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Riyaziyyat və mexanika” üzrə Ekspert Şurasının sədri kimi ölkəmizdə riyaziyyat elminin inkişafına misilsiz töhfələr verir.

Yüksək mükafatlar və dəyişməyən sadəli

Dəyərli təmsilçimizin mürəkkəb riyazi düsturlar aləmindəki fəaliyyəti yüksək dövlət və beynəlxalq mükafatlarla təltif edilib. O:

  • Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb,
  • Türkiyənin TÜBİTAK dövlət mükafatını qazanıb,
  • Türk Dünyası Elm Mükafatı olan “Əl-Xarəzmi” mükafatı ilə təltif edilib.

Onun şərəfinə müxtəlif beynəlxalq universitetlərdə elmi konfransların təşkil edilməsi alimə olan qlobal ehtiramın ən bariz göstəricisidir. Lakin bütün bu zirvələrə və beynəlxalq uğurlara rəğmən, Arif müəllimi fərqləndirən əsas cəhət onun heç vaxt dəyişməyən sadəliyi və böyük ürək sahibi olmasıdır. O, riyaziyyatı sadəcə elm kimi deyil, düşüncə mədəniyyəti, intizam və mənəvi kamillik yolu kimi yaşayır.

Dərnəyimizin İdarə Heyəti və bütün üzvləri adından dəyərli Bakı təmsilçimiz, görkəmli ziyalı və fəxr etdiyimiz elm xadimi professor Arif Səlimovu 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yaradıcılıq eşqi və yeni-yeni elmi nailiyyətlər arzulayırıq!

Yubileyiniz mübarək, Arif müəllim!

Kaynak