Müasir dövrdə süni intellekt (AI) və statistika bir-birini tamamlayan iki əsas sahədir. Süni intellekt alqoritmləri, xüsusilə süni sinir şəbəkələri (ANN) və maşın öyrənmə metodları kimi ənənəvi statistik modelləri yeni mərhələyə daşıyır.
Bunu açıqlamasında Türkiyənin Giresun Universitetinin Məlumat Elmi və Analitikası bölümü üzrə doktorantura pilləsini uğurla başa vuran gənc azərbaycanlı alim Elgiz Əsgəroğlu deyib.
Onun sözlərinə görə, statistika elmi süni intellekt alqoritmlərinin nəzəri və riyazi əsasını təşkil etdiyi halda, süni intellekt də öz növbəsində optmizasiya alqoritmləri vasitəsilə mürəkkəb statistik parametrlərin qiymətləndirilməsini sürətləndirir və dəqiqləşdirir: “Süni intellektin statistikaya inteqrasiyası bir çox sahədə yüksəkdəqiqlikli proqnozlar verməyə geniş imkanlar açır və bu sinerji elmi tədqiqatlar üçün yeni inkişaf üfüqləri müəyyən edir”.
E.Əsgəroğlu qeyd edib ki, klassik statistik metodlar çox vaxt məlumatların ideal normal paylanmaya malik olduğunu və tərkibində kənar müşahidələrin olmadığını fərz edir: “Lakin real həyatda daxil olan məlumatlarda kənar əyilmələr müşahidə olunur. Bu nöqtədə Davamlı Statistika (Robust Statistics) ənənəvi metodların zəifliklərini aradan qaldırmaq üçün həyati əhəmiyyət kəsb edir.
Gənc alim hesab edir ki, davamlı metodlar modellərin kənar müşahidələrə kəskin həssaslığını azaldır, parametrlərin qiymətləndirilməsində daha yüksək dəqiqlik və dözümlülük nümayiş etdirir: “Mürəkkəb modellərdə davamlı (robust) alqoritmlərdən istifadə etmək, məlumatın ilkin şərtlərindən asılı olmayaraq etibarlı və xəta dərəcəsi minimal olan nəticələr əldə etməyə imkan verir. Modern data analitikasında davamlı statistik yanaşmalar modellərin dayanıqlılığını təmin edən əsas sütundur”.
Qeyd edək ki, Elgiz Əsgəroğlunun süni intellekt və optimizasiya mövzularını əhatə edən dissertasiya işinin nəticələri beynəlxalq nüfuzlu Q1 dərəcəli elmi jurnalda 32 səhifəlik məqalə şəklində nəşr olunub.
